Deyin
Dəli Alının vəsfini Yazmışam dastana, - deyin! Afərin, şəyirdlərim, Gedəndə hər yana deyin! Eşidib Göyçə mahalı, Külli-İrəvana deyin! Addayın Şahtaxtından, Təbrizə, Tehrana deyin! Üz tutun Alosmana, Qarsa, Qağızmana deyin! Qoymayın, unutmyaın, Mərd durun, mərdana deyin! Kor olsun düşmənləri, Qalsın yana-yana, deyin!
Gedərsiniz Alosmana, Qərib qeyri-ləzzətdədi; Hamsının mərhəməti Aşığa məhəbbətdədi; Paşalar qəfə, qəsdində, Şahzadələr sovetdədi; Soruşsalar: "Əcəm oğlu, Ər hansı məmləkətdədi?" Emin allah, paşa əfəndim, Get Gəncəbasana, - deyin!
Gülüstan-İrəmə bənzər Yaylağının hər büsatı, Yönü qibləyə çeşmənin Car olur abi-həyatı; Ağ alaçıq, əlvan çadır, Naxış vurubdu xəyyatı; Samuğun, Qarasaqqalın Gəlibdi hər meyvəcatı; Evinin ətri-ənbəri Bənzəyir rizvana,- deyin!..
Sərim qurbandı sərinə, Ay atanın nər balası! Tüf dağıdıb, ordu pozan, Səf yaran, sərdar balası! Səxavətdə misli-Hatəm, Səddə İsgəndər balası; Qurşayıb kəmərini Şahi-Qəzənfər balası; Qəniminə qan ağladır, Bac vermir düşmana, - deyin!
Hansı yerdə dava düşüb, İyidlik Asdan eləyib; Şahmar kimi gərdan çəkib, Düşman bağrın qan eləyib; Xod verib beşatana, Dağıdıb, şan-şan eləyib; Mirzələr qəzetə yazıb, Aşıqlar dastan eləyib; "Mərhaba", "əhsən", "afərin", "Can" belə oğlana!- deyin!
Sidqin Allaha bağlayıb, Çağırır Şahi-Heydəri; Öz nəslindən, öz soyundan, Var bir neçə iyidləri; Hər biri qovğa günündə Pozur bir fövci-ləşkəri; Saxlayır aşpazxanada Neçə zəlili, müztəri; Hatəm kimi bir qapısı Açılıb ehsana, - deyin!
Molla Qasım kamandardı, Əsədi gördüm mərdana; Əl-ayağı od ələyir Elə ki girdi meydana; Mağar hündür tikilmişdi, Alçaqdaydı aşpazxana; Məcmayılar qol ağrıtdı, Zəhmət verdi çox cavana; Bu sözlər çapa vurulsun, Getsin bir zamana, - deyin!
Balçılı Kalvayı Əli Cavan bir oğlan kimidi; Şəriətdən mətləb qanır, Təriqətdə xan kimidi; Həqiqətdən kəlmə kəsir, Ləli-Bədəxşan kimidi; Hüsndə Yusifi-sanı, Kamalda Loğman kimidi; Padşah vəzir götürər Addasa İrana, - deyin!
Silistçi, doxdur, pristav Bezənhabezən yeridi; Əyri işlərə sığal səkib, Verməyə düzən yeridi; Dəli Alı əl belində, Çiynində süzən yeridi; İsmayıl Mələk əl-mövt tək Candan can üzən yeridi; Dedi: "brat, bajalüstə, Gəlməsin oğlana, - deyin!"
Eldarda Qəhrəman koxa, Gəncədə Alı söylənir; Dövləti, həşəməti, Şəni, calalı söylənir; Səddə İsgəndər kimdi, Hatəm səxalı söylənir; Zəfəranlı ağ plovu, Əmliyi, balı söylənir; İlahim bərhəm vurmasın Bu qurğu, dövrana, - deyin!
İyidlikdə yox əvəzi Sağ olsun Bala Məşədi; Girəndə meydan içinə Alınmaz qala Məşədi; Vəsfini dastan edirəm, Düşsün mahala Məşədi; Köhlən at üstə çıxanda Hamıdan əla Məşədi; Rüstəmin Rəxşi kimi Gətirir cövlana,- deyin!
İyidlərin sərkərdəsi Məşədi Məhəmməd hanı!? Gəzən afatdan, bəladan Hifz eləsin kərəm kanı! Sidqin Allaha bağlayıb, Çağırır Şahı-Mərdanı; Yeddi ağacdan- yeddi ağaca Gözü görəndə düşmanı, Süzən tüfəng cingildəyir, Güllə qaçır qana, - deyin!
Hər məclisdə duaçıyam, Günbəgün ucalır səsim; Barilahim, irəhm eylə, Yerə düşməsin nəfəsim; Oğul ver iki qardaşa, Bir qurban da özüm kəsim! Mən deyirdim çox iyiddi Əsəd ilə Molla Qasım; Köhnə kişilər deyirlər: "İyid Bayramxana deyin".
Min iki yüz doxsan dörddə* Ələsgər tapdı əsəri; Eşq ilə nəfs məni Dolandırır bəhri-bəri; Dilimdə ahi-canan, Sərimdə zəhmətin təri; Qəddimi xəm eləyib Qəhri-qəzanın qədəri; Xacə Nəsirdi, gəlib Çıxıb bu meydana,-deyin!