Deyil
Həyat bir sinədə ocaq çatdısa, Tufanlar qopsa da sönəsi deyil. Ürək zirvələrin həvəsindədi, Dərələr dibinə enəsi deyil.
Qalmaz gözlərində istəyi, kamı, Azalmaz işığı, qaralmaz şamı. Elə arxalansa şair ilhamı, Onu şimşəklər də yenəsi deyil.
El özü göz qoyar yaxşıya, pisə, Qızılı endirib dəyişməz misə. Beş-altı kəlməylə söz tükəndisə, Bil ki, o şairin sinəsi deyil.
1977, 6 oktyabr