Deyəndə
Ölərmi, itərmi, batarmı şair, Təbiət şairə gəl-gəl deyəndə. Yumub gözlərini yatarmı şair, Həqiqət şairə gəl-gəl deyəndə.
Fikri çiçək olar, cənnət qoxuyar, İlahi sözlərdən xalı toxuyar. Şeiri Quran kimi əzbər oxuyar, Ləyaqət şairə gəl-gəl deyəndə.
Qara böhtanları almaz eyninə, İşıqlı göyləri geyər əyninə. Gülüzlü mələklər qonar çiyninə, Təravət şairə gəl-gəl deyəndə.
Qılıncın ağzıdı, silahın gücü, Bu günün səsidi, sabahın gücü. Gücün Allahıdı, Allahın gücü, Cəsarət şairə gəl-gəl deyəndə.
Nə olsun vaxt azdı, ömrü az olur, Qəlbi saf, gözü tox, eşqi saz olur. Şair ölməz olur, basılmaz olur, Məhəbbət şairə gəl-gəl deyəndə.
2006, 11 oktyabr