Dərman da çoxalır dərd çoxalanda
Dərman da çoxalır dərd çoxalanda, Çatdırır əlliyə, yüzə dərmanı. Tükənir işığı, azalır nuru, Yüz də məlhəm eylə gözə dərmanı.
Yükü daşımaqdan yorulur ürək, Yetişmir dadına nə duz, nə çörək. Xəstə yatağında yatmaya gərək, Düşə qapı-qapı gəzə dərmanı.
Biz dərman içirik, dərd işə düşür, İşimiz o çərxi gərdişə düşür. Hər gün içə-içə vərdişə düşür, Çoxu vurmasa da üzə dərmanı.
Gözlərin yaşını təsəlli silmir, İllərin ağrısı candan çəkilmir. Köhnə yaraları sağalda bilmir, Çox da tərifləmə təzə dərmanı.
Quruyan çöl nədir, yanan iç nədir, Bu qədər vədəsiz, vaxtsız köç nədir? Həkim kağızının hökmü heç nədir, Yaradan yazmasa bizə dərmanı.
Kislovodsk, 2005, 15 iyul