Əsas məzmuna keç

Qəsidə

Dərgəhindən özgə yox dərd əhlinə darüş-şəfa

Məhəmməd Füzuli

1

Dərgəhindən özgə yox dərd əhlinə darüş-şəfa, Kim şəfa tapmazsa ondan, dərdinə olmaz dəva.

Dərdsiz idim, zövqi-vəslindən sənin məhrum idim, Dərdə düşdüm, vəslə yetdim, böylə dərdə mən fəda.

Dərdinə dərman tapar səndən hamı, bizdən səva, Bəs nədən biz dərdiməndə eyləməzsən e’tina?

Bizlərin dərdinə dərman eyləyir lə’li-ləbin, Yoxsa hikmətdə Ərəstuyə edibdir iqtida?

Hikmətin xilqət ümurinə dəxalət eyləsə, Yerdə, göydə qalmaz iflicə, cüzamə mübtəla.

Elmi-hikmətdə əgər etsə özünü imtahan, Təb’ini elmi-təbabət sahəsində yoxlasa,

Zə’fidən qalmaz saman cismində əsla bir əsər, Qurtarar təb’indəki səfra qəmindən kəhrəba.

Tibb fənnində bütün qanunlara rəhbər olan, Bu Əli Sina, Ərəstu rəylisən, Loğman liqa.

Ey işıqlı qəlbi həqqin feyzinə ayinədar, Qüdrətin asarı tutmuş zati-pakinlə bina.

Mən sənə Loğman deyərdim tibb elmində, əgər Çarə bilsəydi ölüm dərdinə sən kimi o da.

Gəlməz Isanın əlindən gördüyün hikmətli iş, Hikmətinin qarşısında neyləyər tək bir dua?

Dərdləri eylə sağaltdın ki, tapılmaz bir məriz, Şux sənəmlər gözlərindən başqa bu aləm ara.

Olmasaydı zalim, olsaydı əgər insanlığı, O da feyzin sürmədanindən alardı tutiya.

Bircə an öz e’tiqadında təbiət filməsəl, Hikmətin qəlbi sənin ayinənə versə riza,

Odda, torpaqda hərarətdən tapılmaz bir əsər, Həm rütubətsiz qalar bir ləhzə içrə su, həva.

Xizr səndən məsləhət alsa, qəbul etməz yəqin Minnəti dirilik suyundan, çün tapar onsuz bəqa.

Torpağa dönmüşdü Yunanın böyük alimləri, Palçığından onların tapdı sənin cismin bina.

Xəlq olub aləm ki, xəlq etsin ibadət xaliqə, Səhhəti bir şərt qoymuşdur ibadətdə xuda.

Səhhəti xəlqin sənin tədbirin ilə bağlıdır. Varmıdır bu xəlqə bir qəmxar olan səndən səva.

Aləmi nəzmə salırsa rə’yi ilə padişah, Sən verirsən hikmətinlə nəzm şahın zatına.

Dövlətinlə çün olur tə’min bəqasi aləmin, Dövlətinə fərzdir aləm sənin etsin dua.

Hikmətin, rə’yin dəxalət eyləyir hər ölkəyə Qüdrətinlə oldu təshih ləfzü mə’nadən xəta.

Sərf qəlbində gərək bir zərrə illət qalmasın, Cümlə tərkibi rəvadır zə’fdən azad ola.

Izzətü, iqbalü Rüknəddin olub ismin sənin, Olmamışdır başqa rüknü ölkənin səndən səva.

Yox səfayi-batinindən gizli bir hikmət sənin, Başlamazdan, dərdi sən tə’yin edib verdin şəfa.

Xəstələr əttar dükanından bu gün asudədir, Nüsxənin ətri kifayətdir sənin sağlamlığa.

Sərvərim, nagəh həva təb’imə tə’sir eylədi, Ruzigarın daminə düşdüm, başım çəkdi bəla.

Canıma eşq od salıb yandırdı, cismimdə mənim Aşdı sevda həddini əz bəs ki, tandı e’tila.

Coşdu qan qəlbimdə, sevda cismimə qalib gəlib, Həmdəmim oldu mənim baş ağrısı, malxuliya.

Laxtalanmış qan vurunca hər damarda yüz düyün, Yüz çadır qurdu bədən mülkündə sultani-bəla.

Dərdimi tə’yin üçün nəbzimi bir kəs tutmadı, Duymadı qarurədən bir kəs nədir bu macəra.

Zə’fimi artırdı təndə çoxları pəhriz ilə, Mə’dəmi pozdu çoxu etməklə tə’yini-qida.

Bilmirəm, cismimdə yoxdurmu sağalmaq qüdrəti, Ya təbabət elmi boş sözdür, necə ki, kimiya.

Zə’f qüvvət tapdı qüvvət zə’f canımda mənim, Ruhum az qalmışdır olsun xəstə cismimdən cüda.

Bəxt səndən müjdə verdi bu pərişan könlümə, Səhhət ümmidi verib könlüm də xövfə intiha.

Istərəm şərbət alam hikmət əlindən içməyə, Bir dəlildir səhhətin bərpasına bu iştəha.

Söyləsən, dirilik suyundan eylərəm pəhriz mən, Zəhri-qatil içməyə amadəyəm, görsən rəva.

Qoyma, Allah eşqinə, salsın mərəz əldən məni, Qoyma sarsıtsın vücudimi bu dərdi-bidəva.

Sə’yü hümmətlə əlac eylə Füzuli dərdinə, Bir sənə qalmış ümidi xəstənin, bir Allaha.

Istərəm Allahdan ömrün, izzətin, qədrin sənin Bərqərar olsun cahan durduqca, ey sahib-səxa.

Hər qədər göydən yağış yağdıqca yer məmnun qalar, Hər qədər ki, ay günəşdən kəsb edər nurü ziya.

Hər qədər dəhrin məzacini pozar fitnə, fəsad, Hər qədər ki, sarsıdır dərdin binasını dəva,

Xəlqə çatsın hikmətin feyzilə səhhət ne’məti, Lütfün ilə həll olunsun xəlq üçün hər müddəa.

* * *

Lüğət: Ləbi – meygun – qırmızı dodaq; Təb – qızdırma; Sənəm – büt; gözəl; Ara – bəzəyən; Bəqa – həmişəlik; Sərvər – başçı; Tila – qızıl; Düyün – şənlik; toy; Dəmi – sərd – soyuq ah; İntiha – nəhayət, son; Alam – kədərlər, ələmlər; Dəlil – yol göstərən; sübut; Qədr – dəyər, qiymət, məziyyət; Dəhr – zaman, dünya, aləm

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.