Dərdinə şükür
Sınaq imtahanı verirəm ömrə, Bilmirəm nə qədər çəkər bu sınaq. Ağrı bir kotandı, can qara torpaq, Sinəmi şum kimi əkər bu sınaq.
Gizlədə bilmirəm ağrılarımı, Yaramın üstünü örtə bilmirəm. İllərlə üst-üstə qalanan qəmin, Yükü çox ağırdı, darta bilmirəm.
Bu su harda batıb bu vaxta qədər, Gözlərin çeşməsi, arxı var imiş. İnsan yaşlananda yadına düşür, Ölüm görkəmində qorxu var imiş.
Mənim ürəyimi aç kitab kimi, Qəlbimdən keçəni oxu, İlahi! Sevincim yox olub baxışlarımdan, Sən özün var eylə yoxu, İlahi!
Hörmətə mindirib məni gələn dərd, Məni bir dərd əhli sayıbdı Tanrım. Şikayət eləsəm dərdin əlindən, Babam Füzulidən ayıbdı, Tanrım.
Şair dodağına giley yaraşmaz, Ver, verə bildikcə dərdinə şükür. Dərdə kişi kimi xoş gəldin deyən, Zəlimxan adında mərdinə şükür!
2010, 4 noyabr