Əsas məzmuna keç

Heca şeiri

Dərdin dastanı

Zəlimxan Yaqub

1

Mən bu yurdun ozanıyam, sazıyam, Tel dərdini gəlib mənə danışır. Doqquz teldən doqquz gümüş çay axır, Sel dərdini gəlib mənə danışır.

Bu, Kərəmdi, bu, “Kərəmi”, bu, Leyli, Hamısı da yerdən, göydən gileyli. Çay nisgilli, sel haraylı, su meyli, Göl dərdini gəlib mənə danışır.

Budaq üstə narın-narın qar qonur, Saflıq qonur, sərvət qonur, var qonur. Nə zaman ki, gül üstünə xar qonur, Gül dərdini gəlib mənə danışır.

Yeriyəmmir, dizlərinə duz çökür, Boylanammır, baxışına buz çökür. Qarışqanın qarşısında diz çökür, Fil dərdini gəlib mənə danışır.

Damla düşür, kirpikləri nəmlənir, Faciəsi göz yaşında cəmlənir. Əzabları içə-içə dəmlənir, Lül dərdini gəlib mənə danışır.

Yeyilənlər bu dişlərdən nə çəkdi, Dağlananlar bu şişlərdən nə çəkdi, Gur ocaqlar keşişlərdən nə çəkdi, Kül dərdini gəlib mənə danışır.

Seçmək olmur nə gerçəyi, nə şəri, Yaman günə kimlər saldı bəşəri? Bir arvadın on oynaşı, beş əri, Dul dərdini gəlib mənə danışır.

İnsan başqa, dövran başqa təbdədi, Ümidimiz dərmandadı, həbdədi. Aman Allah, qul bazarı dəbdədi, Qul dərdini gəlib mənə danışır.

Söyə-söyə ocağını, pirini, Sındırıblar salamatı, dirini. Əl ağacı vermir əlin yerini, Şil dərdini gəlib mənə danışır.

Qartal baxar zirvələrdə nəşəyə, Dağ kəlləri naxış olar meşəyə. Atdan alıb bürüyüblər eşşəyə, Çul dərdini gəlib mənə danışır.

Nə olsun ki, soyuq-soyuq yel əsir, İnsan yenə yaşamağa tələsir. Diz bükülür, baş titrəyir, əl əsir, Bel dərdini gəlib mənə danışır.

Kənd alışır, şəhər yanır içimdə, Qəm qovrulur, kədər yanır içimdə. Kim nə bilsin nələr yanır içimdə, Çöl dərdini gəlib mənə danışır.

Dərddi, qəmdi hər tin, döngə, hər dalan, Nə dərd olsa, mərd daşıyan, mərd alan. Dərd alanam, dərd alanam, dərd alan, El dərdini gəlib mənə danışır.

Min pərdəyə, min bir simə danışsın, Kimi var ki, getsin kimə danışsın? Dilə gəlib yolsuzların əlindən, Yol dərdini gəlib mənə danışır. Az dərdini özgələrlə bölüşən, Bol dərdini gəlib mənə danışır.

2000, 25 sentyabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.