Dərd
Hər çiyin tab gətirməz, Ağır yükdü dərd daşı. Daşıyırsan, həyatda Kişi kimi dərd daşı.
Enər gözə çən kimi, Düşər saça dən kimi. Damla daş dələn kimi, Dəlib deşər dərd daşı.
Əzər-tikər qum eylər, Kotan çəkər, şum eylər. Dərd əridər, mum eylər, Sərt qayanı, sərt daşı.
Mərd yaşamaq gərəkdi, Sərt yaşamaq gərəkdi, Dərd daşımaq gərəkdi, Möhkəm dayan, mərd daşı.