Dərd
Mən səni seçmişəm, səhv eyləmişəm, Seçmişəm, özümü məhv eyləmişəm.
Mən səni seçəndə elə bilirdim, İşində halalsan, sözündə haqsan. Kürsüyə qalxanda özünlə birgə, Millətin adını qaldıracaqsan!
Sən niyə bilmədin, xalqın taleyi Gur oddan adlayır, gur sudan keçir. Sən niyə bilmədin, xalqın taleyi Sənin o tutduğun kürsüdən keçir.
Sal qaya sandığım quş lələyiymiş, Səndə bir ağırlıq, çəki yoxuymuş. Qasırğa tanıdır, tufan göstərir, Yıxılır hər kimin kökü yoxuymuş.
Tutdu gözlərini şöhrət havası, Qarabağ diqqətdən qıraqda qaldı. Bir kömək olmadı səndən bu xalqa, Gözümüz yenə də uzaqda qaldı.
Xalqımın adıyla alver edənin, Gah qəlbinə girdin, gah da cibinə. Yenə ümidimiz, arzularımız, Batdı gəmi kimi suyun dibinə.
Millətin adından danışan kəsin, Dili uzun gərək, üzü ağ gərək. Bizi özgələrə tanıtmaq azdı, Bizi özümüzə tanıtmaq gərək.
Harda endiririk biz bu milləti? Ali mətləbimiz adiləşəndə! Harda qaldırırıq biz bu milləti? Oğlu Sabirləşib, Hadiləşəndə!
Ağıl öyrətmirəm bu gün heç kəsə, Onsuz da “ağıldan bəla” çəkmişik. Bir-bir özgələri qabağa verib, Hər gün özümüzü dala çəkmişik.
Sənə səs verəndə buydu niyyətim, Dumanlı gözlərə çıraq olasan, Silahsız əllərə yaraq olasan. Məsləkə dönəsən ürəyimizdə, Başımız üstündə bayraq olasan. İnana bilməzdim, millət deyəsən, Bu qədər millətdən uzaq olasan!
Ay məni birliyə çağıran adam, Salıb boğazının yoğun yerinə. Küsdürən, üstümə bağıran adam, Unutma, bu xalqa gün ağlayanda Heç vaxt çığırmadı Mirzə Cəlillər, Heç vaxt çığırmadı Rəsulzadələr! Can qoydu, iş gördü millət yolunda, Kamalı böyüklər, qəlbi sadələr!
Xalqın özü kimi sevib seçdiyim, Orda kişilər də, oğullar da var. Söz var ürəyimdən tikan çıxartdı, O sözə bərabər bir söz harda var.
Tərsinə çəkəni yola gətirib, Küsənin boynuna qol salmalıydın. İkitirəliyin üstündən keçib Körpü qurmalıydın, yol salmalıydın. Onsuz da bölünüb paralanmışıq, Sən bizi yenidən ikiyə böldün. Bir xalqı, bir yurdu, bir məmləkəti, Bakıya, Şirvana, Şəkiyə böldün. Çəkirik, yerini yaman çəkirik, Qəlbi böyüklərin, sayı azların. Siyasət bir dərin dəryadı, qardaş, Vallah, yeri deyil bu dayazların!
O ali məclisdə, uca kürsüdə, Ən yetkin oğullar danışmalıydı. Ən sərt düşüncələr qanad açmalı, Ən kəskin ağıllar danışmalıydı!
Yenə bəxtimizə günəş doğmadı, Yenə üstümüzə düşmədi işıq. Hərdənbir deyirlər millət ayılıb, Vallah, biz yenə də ayılmamışıq!
Xalq yenə sözünü deyə bilmədi, Xalqın əvəzinə xalqın dərdini Döşəmələr dedi, təpiklər dedi. Yaltaq çıxışlara, yaltaq sözlərə Yenə öz sözünü çəpiklər dedi. Orda çoxlarının kim olduğunu Bağlı sandıqlarda səs-səsə verən, Milyonlar, manatlar, qəpiklər dedi!
Bəlkə də yazmazdım bu sətirləri, Millətin qəlbini sıxmasa bu dərd. Qıracaq hamını bir nəfər kimi, Xalqın ürəyindən çıxmasa bu dərd!