Əsas məzmuna keç

Heca şeiri

Dərbənddən gəlirəm

Zəlimxan Yaqub

1

Dərbənddən gəlirəm, ürəkdə sancı, Dərbənddən gəlirəm, dodaqda giley. Doğmanın itkisi, yadın qazancı, Hönkürür içimdə bir yanıqlı ney.

Ürəyim göynəyir, qəlbim sıxılır, Dərd yenə ürəkdə şələ bağlayır. Şair yaddaşında dağlar yıxılır, Nəsimi soyulur, Hələb ağlayır.

Yağı tapdağının altında qaldı, Çırpınan yaralı quşdu bu şəhər. Qəmli tarixləri yadıma saldı, Elə bil başıma uçdu bu şəhər.

Şər xeyirə dönüb, xeyir şər olub, Hanı Oğuz yurdum, Turanım mənim? Dərbənd məscidində dərbədər olub, Xaça əsir düşüb Quranım mənim.

Qəlbimdə yanıqlar, çaxnaşmalar var, Dilimdi əriyən dillər içində. Bal kimi dilimə bu yabançılar, Zir-zibil gətirib sellər içində.

Dərbənddən gəlirəm, qismətimə bax, Yeyirəm içimi, söyürəm çarı. Kərkükdən gələndə beş-on il qabaq, Orda da duymuşdum bu ağrıları.

Mən də bu millətin dərdini yazdım, Mən də fəryadımı aləmə yaydım. Kərkükü, Dərbəndi xatırlamazdım, Əgər Borçalıda doğulmasaydım.

2003, 8 aprel

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.