Demərəm
Yolum, məni çatdırmasan arzuma, Uçurum billəm, yol demərəm mən sənə. Telim, yurdun havasını çalmasan, Taxta sannam, tel demərəm mən sənə.
Səpiləni vədəsində biçməsə, Buğdasını samanından seçməsə, Əlim, odun əldən-ələ keçməsə, Buz deyərəm, əl demərəm mən sənə.
Ürəyimi baxışımdan duymasan, Tanrı kimi məni uca saymasan, Gülüm, ömrə gül ətrini yaymasan, Tikan sannam, gül demərəm mən sənə.
Gözündədir neçə elin murazı, Təbriz hələ taleyindən narazı. Selim, qalxıb coşdurmasan Arazı, Damla billəm, sel demərəm mən sənə.
“Yaddan çıxıb köhnəlibsən” – desələr, Ölmək üçün bu söz mənə bəs eylər. Dilim, dillər səni sıxıb yesələr, Lal deyərəm, dil demərəm mən sənə.
Min illərin adətini itirsən, Dil adlanan sərvətini itirsən, Elim, çaşıb qeyrətini itirsən, Öl deyərəm, el demərəm mən sənə!