Demək nə çətinmiş deyilməz sözü
Gör neçə vaxtdır ki, hazırlıq gedir, Atamın yanına hazırlaşıram. Yalançı dünyadan doğru dünyaya Dədələr, babalar getdiyi yolun Əsil ünvanına hazırlaşıram.
Bu çətin xəbəri gör nə zamandı, Doğma qardaşımdan, doğma bacımdan, Oğlumdan, qızımdan gizli saxladım. Mənə sazdan yaxın dünyada nə var, Ağrımı sazımdan gizli saxladım.
Demək nə çətinmiş deyilməz sözü, Oğluma açılsam, qəlbi sınacaq, Qızıma söyləsəm, qız ağlayacaq. Oğuldu, uşaqdı, qızdı, gəlindi – Biri bir balaca çox ağlayacaq, Biri o birindən az ağlayacaq.
Bilmir uşaqların anası, bilmir, Bilsə, gecə-gündüz qan ağlayacaq. Gündüz ağı deyib, bayatı çəkib, Axşam ağlayacaq, dan ağlayacaq.
Bilmir, Zəlimxanın anası bilmir, Bilsə, dağ uçacaq, daş ağlayacaq. Göydən ildırımlar necə tökülür, Gözlərdə eləcə yaş ağlayacaq.
2009