Əsas məzmuna keç

Qoşma

Dəlidağ bu axşam mənsiz bir dəli

Zəlimxan Yaqub

1

Yurd yeri çevrilər dərd yerimizə, Cavanı seyrələr, qocası qalmaz. Asılmaz qazanı, yanmaz ocağı, Tüstüsü çəkilər, bacası qalmaz.

Burda qəm əbədi, sevinc ömürsüz, Qalar ocaq yeri közsüz-kömürsüz. Gündüzü ötüşər səssiz-səmirsiz, Gecəyə bənzəyən gecəsi qalmaz.

Yollara baxmaqdan küsər baxışı, Yağmaz vədəsində qarı, yağışı. Solar gözəlliyi, gedər naxışı, İtər qafiyəsi, hecası qalmaz.

Dəlidağ bu axşam mənsiz bir dəli, Səhrada can verir dağsız dağ kəli. Torpaqdan qopanda insanın əli, Alçağı çoxalar, ucası qalmaz.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.