Dəli şair
Heç bir sualda, heç bir cavabda, Heç bir yazıda, heç bir kitabda “Ağıllı şair” sözünə rast gəlmədim. “Dəli şair” dedilər şairə, Şair tanımadı ölçü, sərhəd, dairə. Dərisi soyulan Nəsimi – haqqın dəlisi, Ciyəri şişən Sabir – xalqın dəlisi. Qeysə Məcnun dedilər, Koroğlunun aşığına Cunun dedilər. Mahmuda Kərəm dedilər, Yəhya bəyə Dilqəm dedilər. Dəli şair dedilər Səmədə, Vurğun dedilər, çılğın dedilər, dalğın dedilər. Müşfiq Dilbərin dəlisi, Vurğun Dürrənin dəlisi. Şair bəzən elə coşur, Bir dünyaya sığa bilmir bircə zərrənin dəlisi. Yanır qəlbi, yanır bağrı, Gedir öz eşqinə doğru. Heç bilmir başının üstündəki Doğan Günəşdimi, tökülən doludumu, yağan qardımı. Ürəyi vardı, şair oldu, Ağlı olsaydı, şair olardımı?! Gedib daş daşıyardı, divar çəkərdi, Torpaq becərərdi, ağac əkərdi. Günü göy əsgiyə bükülməzdi, Gördüyünə görə gözləri tökülməzdi. Bəbəkləri oyulmazdı, Diri-diri dərisi soyulmazdı. Öz dərdini çəkərdi, Özgələrin dərdini içində yaşatmazdı. Qanan, qanmayan bostanına daş atmazdı. Cana doymazdı hədələrdən, Tənə yeməzdi gədələrdən. Nə yediyi ağı, nə içdiyi zəhər olardı. Nə qəlbində bu qədər qəm, Nə gözündə bu qədər qəhər olardı. Zorəntəbib şairlər Yüz də yazsın, yaratsın, Kimə nə ziyanı, kimə nə xeyri. Allahın özü yaradır vergili şairləri, ilahi şeiri. Bir Allahdan başqa Yoxdu köməyi, arxası, yardımı, Ürəyi vardı, vuruldu şair oldu, Ağlı olsaydı, bu qədər zülmlər çəkib şair olardımı?
2009, 13 aprel