Dedim dilbərimdən əl üzüm daha
Dedim dilbərimdən əl üzüm daha, Bu iş çox çətindir görürəm əmma.
Sən özün lütf edib mənə kömək ol Ki, asan olsun bu işlər, ey xuda!
Ey könül, nə qədər sadəlövhsən, Surətə aldanıb, görmürsən mə’na.
Hər surət gördükdə heyran olursan, Güzgütək bir surətpərəstsən guya.
Qəlbinin Kə’bəsi bütxanələr tək, Tapmış boş nəqşilə zivəri-fəna.
Bülbül kimi ətrə, rəngə aldandın, Bağlandın gül kimi torpağa, suya.
Ay üzlü vəfasız gözəli sevmə, Gözləmə cəfakeş dilbərdən vəfa.
Hər kaman qaşlıya şikar olma sən, Gəl əsir olma hər mişkin ğəzala.
Gah heyran qalaraq başına döymə, Ağlayıb olma sən dərdə mübtəla.
Məlamət oxuna hədəf olma ki, Nadan öyüd desin, aqil nasəza.
Eşqdə de payın dünyada nə var Əbədi möhnətdən, zillətdən səva?
Eşqin dəftərində başqa hesab yox, Doludur burada kədər, qəm, cəfa.
Bu fani eşqə sən gəl könül vermə Bu batil sevgini etmə təmənna.
Mənfəət fikrilə mey içmə zinhar, Hərçənd ki, xoş gəlir cahil insana.
Yaxşı bil, əf’iyə zəhər həyatdır, Aldanma gözünə görünsən rə’na.
Heç zaman surəti mə’na zənn etmə, Surət bir dəlildir ancaq mə’naya.
Çalışma həqiqət rəmzini kəşfə, Bəhsilə açılmaz böylə müəmma.
Ixtilaf azdırır həq yolçusunu, Həqiqət görünür gözünə xülya.
Hər dini həqiqət sansan, yəqin bil, Düşmənin, batildir, – deyəcək ona.
Kim sənə bədəməl, zalım görünsə, Düşmənə görünər adil mütləqa.
Kimsə vaqif deyil həqqə, batilə, Bilinməz məqbulla mərdud dünyada.
Yüksəyi, alçağı əbədi bilmə Ki, iqbal həmişə olmuş labəqa.
Füzulluq tərkin et, mərhəmətli ol, Laf vurub özünü çox öymə, haşa!
Qürurdan nə hasil ki, bixəbərsən, Nə üçün sakitdir, coşqundur əşya?!
Fe’l ilə faili ayırmaq üçün, Başını boş sərfin üstündə yorma!
Daxilin hökmündən yanlış bəhs etmə, Rəmmal tək ünsürə demə iftira.
Nədən doğru, nədən batdı deyərək, Münəccim töhməti etmə ulduza.
Gəl etmə təqvimi yalan aləti, Bürclər mənzilinə qılma e’tina.
Həmişə mə’nalı nüktələr danış, Adil ol dünyada, sən alçaq olma.
Rahətlik dilərsən dünyada beş gün, Doqquz baş fələyə dolaşma əsla.
Yoxsa ki, edərsən fəğanü nalə, Verərsən zəng kimi aramsız səda.
Günəş də kölgədən qorxur, bunu bil, Bir küncdə sakit qal, kölgətək yaşa.
Ki, dünya nə qədər dolansa, heç vaxt Tapmasın tozunu nəsimi-səba.
Ənqa tək üzlətin Qafına çəkil, Süleyman mülkündən gözləmə əta.
Qüdsi ruhlar kimi gözə görünmə, Alçalıb, əcsamı gəl etmə mə’va.
Qoy sənə desinlər bədbəxt, mücərrəd, Sənsə etməyəsən heç kəsdən pərva.
Sən məxfi və aləm səsinlə dolu, Sən gizli, fəzlinsə xalq üçün şəfa.
Vüsal Kə’bəsinə meyl etsən əgər, Uzaq mənzillərdə bunu axtarma.
Vadilər ölçməyin nə xeyri vardır, Mənzillər keçməkdən sənə nə fayda?
Məqsədə doğru get inadla, ta ki, Mənzilə çatdırsın səni bu sevda.
Kə’bəyə çatmağa bircə qədəm var, Nə üçün tənbəlsən bu bir addıma.
Cəfakar adamı vəfalı bil sən, Yaxşılıq eylə gəl hər yamanlığa.
Qətlinlə bir könül xoş olsa əgər, Belə bir ölümə özün ver riza.
Rədd etmə heç kəsin diləyini sən, Can olsa istəyi, düşmənsə – gəda.
Daima sən xeyir verməyə çalış, Əmələ haqq özü verəcək cəza.
Vay olsun o şəxsə, alçaq təb’ikən, Həmişə yüksəklik edər iddia.
Halbuki göylərdən qədir ayəsi Nazil olub onun alçaqlığına.
Nə zati vaqifdir məbdə’dən tamam, Nə rə’yi bilir ki, nədir intəha.
Quru bir ad ilə o xoşdur ancaq Ki, şahlar şahıyam, ya da ki ağa.
Ilahi, sahilsiz dəryadır lütfün, Bitməz, tükənməzdir səndəki səxa.
Ilahi, Peyğəmbər nuri eşqinə Ki, ondan nur alır hər iki dünya.
Ruhim süvar olub cövlan etdikcə, Bu meydan içində bədən atına.
Mənə bir qüvvət ver, səni yad edib, Söyləyim sübhanə rəbbiəl-ə’la.
Məni öz lütfündən naümid etmə Çatdıqda bu ağır həyatım başa.
Ümidim onadır ki, bu arizum Olacaq nəhayət əlinlə rəva.
Qəbul müjdəsilə şad ola ruhim, Kərəm bayrağın kölgə salsın başa.
Füzuli, bu nəzmi əcəb söylədin, Gözəl sözlərində tapılmaz xəta.
Sanasan söyləmiş Cami şə’nində, “Sözündə gözəlsən, əməldə fəna”.
* * *
Lüğət: Bəsi – çox, xeyli; Mişkin – xoş qoxulu, qara rəngli; Məlamət – məzəmmət, danlaq; Nasəza – layiq olmayan, söyüş; Zinhar – saqın; Dəlil – yol göstərən; sübut; Vaqif – xəbərdar; Mərdud – rədd olunmuş; Laf – yalan söz; mükalimə; Nüktə – dərin mənalı söz; Qal – söz; Nəsimi – gülriz – gülləri tökən səhər küləyi; Ənqa – Simurğ quşu; Üzlət – yalqız yaşamaq; Əta – bəxşiş; Pərva – qorxu, kömək; Can – ruh, bədən; Təb – qızdırma; Ariz – yanaq; Cami – xoşgüvar – ləzzətli şərab; Əməl – arzu; iş