Dədəm Qorquda
Mənə kimliyimi sən öyrətmisən, Sənin kimliyini bilənəm, Dədəm! Əvvəlim də sənsən, axırım da sən, Səndən sənə doğru gələnəm, Dədəm!
Mürşidim, ustadım, Lələm, Ozanım, Xeyrə danışanım, xeyrə yozanım, Dan yerim, axşamım, sübhüm, əzanım, Sevgimi səninlə bölənəm, Dədəm!
Nə susan, nə də ki, kiriyənəm mən, Oğuzda, qopuzda əriyənəm mən. Sənin yerişinlə yeriyənəm mən, Sənin gülüşünlə gülənəm, Dədəm!
Mən bir söz qaynağı, söz yuvasıyam, Yarpağam, torpağam, od, hava, suyam. Yeddidən yetmişə saz havasıyam, Saz üstə baş qoyub ölənəm, Dədəm!
2006, 1 avqust