De
Badi-səba, ərzimi ol yalnız doğana de, Əlmüdam zar eyləyən, gözləri xun-qana de, Şum fələyin əlindən gedən ol canana de, Ayrı düşüb, qəm çəkən, qarabəxt xana de, Dünyadan ərmanlıdır, ol paxır pərvana de.
Nə olubdur, nə səbəbdir, görmürəm mən üzünü, Qara qanla boyayıb oturmuş ki gözünü, Bizaram malü-mülkdən, gər eşitməsəm sözünü, Nərdə qafil eyləyib, bənd qıldın sən özünü, Dərdimin izharını ol əmin Loğmana de.
Bizləridən yad qılıb, bənd eylədin ki dilini, Ata-anadan ayırıb, üzdün ey, sən belini, Hicrana rəvaç eyləyib, yatırıb sən yelini, Axtaram, çay tapmayan, iki gözüm selini, Cani-aramın taqətin ol böyük ümmana de.
Qıldılar Kəbəmi viran, yoxdur indi qaçarım, Çıxdı getdi əllərimdən can şəhrimin açarım, Yoldular bu qanadımı, yoxdur daha uçarım, Düşdü talan xəzinəyə, qurtardı mal saçarım, Halımın bu təngliyin əskilməz dükana de.
Haqqa ərzim budur, ey dost, qılsın azad qardaşı, Axıban, dəryaya döndü, mövç urub gözlər yaşı, Qoydu alnıma gətirib, fələk ayrılıq aşı, De, niçin zar qılmasın Fəraqi, yoxdur sirdaşı, İki dünya gərəyim, arzulu imana de.