Əsas məzmuna keç

Heca şeiri

Dayanır

Zəlimxan Yaqub

2

Şəhid qəbri, hüzurunda lal-kar kimi dayanmışam, Nifrətimdən, qəzəbimdən damarımda qan dayanır. Elə bil ki, daş asılıb burda vaxtın ayağından, Dan sökülmür, Günəş doğmur, zaman durur, an dayanır.

Haqq bilir ki, sizdən ayrı heç ürəkdən şad olmadım, Minbir dərdə tuş olsam da, bir sevincə tən olmadım. Xəcalətəm, niyə sizin cərgənizdə mən olmadım, Mənim kimi hər gün burda çoxları peşman dayanır.

Tarix sizi zaman-zaman hörmət ilə anar, qardaş, Bu dağların qarşısında polad olsa sınar, qardaş. Dəmir olsa külə dönər, qaya olsa yanar, qardaş, Dəmir dözmür, polad dözmür, ürək dözmür, can dayanır.

Səkkiz yaşlı şəhid balam! De, günahın nəydi sənin, Qızıl güllə oxa döndü, ürəyinə dəydi sənin. Atan, anan innən belə bir yanıqlı neydi sənin, Daş da olsa dayanmazdı, tək buna insan dayanır.

Gözümüzdə acı nisgil, başımızda duman, tüstü, Ölən öldü, itən itdi, yanan yandı, küsən küsdü. Dərd qəlbini göynədəndə səhər vaxtı, axşamüstü, Dönür burda başdaşına, gəlir Zəlimxan dayanır!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.