Daşaltı
Uçqun gördüm, heyrətimdən uçundum, Məzar saydım uçurumu bu yerdə. Lovğalanıb heç saymırdım dağları, Yaman açdı puçurumu bu yerdə.
Boz dumanlar oyur-oyur oynadı, Qara yellər gülmək güldü, nə güldü. Sel apardı ayağımın altını, Başım üstə şimşək güldü, nə güldü.
Daş əlimi dilim-dilim eylədi, Yıxılanda sıldırımdan yapışdım. Sağ əlimi dayaq verdim dağlara, Sol əlimlə ildırımdan yapışdım.
Çınqıllarda parçalandı heyrətim, Gözlərimi dərə çəkdi bu yerdə. Elə bildim dağ tərpəndi yerindən, Daşaltı bir nərə çəkdi bu yerdə.
Baxıb dedi: inad sənsən, yoxsa mən, Sərt qayalar inadımı saymadı. Havalanıb qartal olmaq istədim, Qarlı zirvə qanadımı saymadı.
İndi bildim nə deməkdir ucalmaq, Nələr çəkib zirvələrə çıxanlar. Neçə dəfə yıxılarmış, durarmış, Şöhrətiylə dağ şöhrəti yıxanlar!