Əsas məzmuna keç

Qoşma

Darıxmaq nə şirin şey imiş, Allah!

Zəlimxan Yaqub

1

Bu qədər darıxmaq nə imiş, Allah, Darıxmaq nə şirin şey imiş, Allah. Qəfildən burnumun ucu göynədi, Nəvələr mənimçün nəvə deyilmiş, Qəlbimdə sızlayan ney imiş, Allah!

Darıxmaq nə şirin şey imiş, Allah, Səni darıxdıran nəvələr ola. Əlin yetişməyə, ünün çatmaya, Nə bir soraq çıxa, nə xəbər ola.

Onlar da mənimçün darıxır indi, Məni səsləyirlər, soraqlayırlar. Bir-bir kitablarda şəklimə baxıb Şeir dəftərimi varaqlayırlar.

Yəqin ki, ucalıb indi boyları, Hərəsi uzanıb bir darı boyda. Məni görən kimi hoppanacaqlar, Bizim evimizin hasarı boyda.

Uzun ayrılıqlar könül qırmasın, Sonluq gözəl olsun hər səfər üçün. Allah heç bir kəsi darıxdırmasın, Darıxan darıxsın nəvələr üçün.

Yalta, 2010, 24 iyun

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.