Danışma
Bir adamsan, bir adama namə yaz, Mahalı incidib, eldən danışma! Ara qarışdırb, seyraqub olma, Kar çıxmaz qovğadan, qaldan danışma!
Göyçənin qonağa çoxdu hörməti; Qaysava, qayğanaq verir ləzzəti, Pilov, dolma, kabab, əmliyin əti… İnsaf elə, tək motaldan danışma!
Əgər şairsənsə, gəl eyləyək bəhs; Bir sözünə min söz deyim dəsbədəs. Himarın dümbündə lağəri - məkəs, "Zənbur mənəm", - deyib, baldan danışma.
Kalman çarıq bizə adəti-nasdı, Müsəlmana persoy deyən xənnasdı. Ulağın eşşəkdi, yükün kirbasdı, Əbrü ətlas, tirmə, şaldan danışma!
Neçə aşıq qaçırmışam meydandan, İstəyirsən bir-bir keçirim sandan, Gəmirib kəngərdən, içib ayrandan, Coşub kərgədandan, fildən danışma!
Adım Ələsgərdi, mərdü-mərdana, On iki şəyirdim işlər hər yana, Tülküsən, aslanla girmə meydana, Danasan, sürtünüb kaldan danışma!