Danışırdı
Dinlədim doyunca Oğuldərəni, Təbiət söz alır, söz danışırdı. Qartal söhbətini zirvədən salıb, Buzluğun sözünü buz danışırdı.
Vurdu topuğuma, çıxdı dizimə, Xoş ətir çiləndi güldən izimə. Bu çiçək dəryama, gül dənizimə Baş vurub oğlanla qız danışırdı.
Nəğmə yaranırdı çayın səsindən, Sellərin, suların zümzüməsindən. Əlik dırnağından, şir pəncəsindən Cığır xəbər verir, iz danışırdı.
Salırdı qonağı zəhmətə, işə, Kabab güc gəlirdi cağbacağ dişə. Quzumu, toğlumu çəkilən şişə, Ocaq kəlmə kəsir, köz danışırdı.
1977, 23 iyul Laçın