Əsas məzmuna keç

Heca şeiri

Danışır şəhid məzarı

Zəlimxan Yaqub

1

Mən sizə güvəndim hər döyüşəndə, Dayağım, səngərim, qalam, ay ellər. Yayın sorağını şəhərə, kəndə Salam, ay obalar, salam, ay ellər!

Məni bağışlayın, hər gələndə siz, Durub qarşınıza çıxa bilmirəm. Qəbrimi güllərlə bəzəyirsiniz, Gül qoyan əlləri sıxa bilmirəm.

Harda uyuyuram, harda yatıram, Sevgilim yerimi biləydi mənim! Duru baxışlara çox can atıram, Bölünməz dərdimi böləydi mənim!

O mənim ilk andım, son nəfəsimdir, Gəlsin, ümidinə varsa bir işıq. Qəbrimin üstə də gəlsə bəsimdir, Qalxaram torpaqdan məzar qarışıq.

Yox! Yox! O gəlməsin öldürər fikir, Bir də ömrü boyu dodağı gülməz. Ümid də insana bir təsəllidir... Ömrü üzülsə də, əli üzülməz.

Nə qədər həyatda ölüm dəhşəti, Nə qədər torpaqda əsgər qəbri var. O qədər dünyada oğul həsrəti, O qədər dünyada ana səbri var!

Alnı qırış-qırış sərt qayalar var, Fikirdən çatılan qaşlardı, bəlkə? Baharda üstümə yağan yağışlar, Gözlərdən tökülən yaşlardı, bəlkə?

Adına söz qoşun, kitab yazdırın, Qisməti qürbətə yazılanların. Üzünü vətənə sarı basdırın, Məzarı yad eldə qazılanların!

Harda uyusaq da övladıq ona, Səsimiz, ünümüz bu torpaqdadır. Vədəsiz çatsa da ömrümüz sona, Qəlbimiz, yönümüz bu torpaqdadır!

Şəhid məzarına çiçək səpin siz, Qələbə ətri var güldə, çiçəkdə. Gül açdı, bar verdi əməllərimiz, Dadını siz görün, biz görməsək də.

Ancaq unutmayın siz, ey insanlar, Bizi balaların salın yadına. Bizi unutsalar, yer sizi danlar, Cavabdeh sizsiniz yer övladına!

Bir canlı qalmayıb bircə bucaqda, Baxın Liditseyə, baxın Xatına. Qaralan tüstüdə, qarsan ocaqda, Bir el vida deyib öz həyatına.

Özümdən demirəm mən bu sözləri, 20 milyonun adından dedim. Nə gördük odlara düşəndən bəri, Çıxmasın ellərin yadından dedim.

– Sənə inanmasa, arxalanmasa, Ordular qoşunu itirə bilər! Təbiət ətrini, çəmən rəngini, Dağlar duruşunu itirə bilər! Qartallı qayalar əlindən gedər, Zirvələr huşunu itirə bilər! Meşələr əbədi yaşıllığını, Budaqlar quşunu itirə bilər! Pozulsa tarixin bircə cümləsi, Bəşər öz yaşını itirə bilər! Cavabsız suallar bükər boynunu, Zaman yaddaşını itirə bilər! İnsanın qədrini bilməsə insan, Bu dünya başını itirə bilər!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.