Əsas məzmuna keç

Heca şeiri

Dan yerinə bax

Zəlimxan Yaqub

1

Duyğunu təmizlə, hissi təmizlə, Başından dumanı, sisi təmizlə. Ruhundan tüstünü, hisi təmizlə, Hər gözdə çağlasın bir qaynar bulaq, Dan yerinə boylan, dan yerinə bax.

Kütləşir beyin də, qaralır qan da, Yorulur ürək də, üzülür can da. Həyatdan bezdiyin günlər olanda, Ümid çırağıdı, sönməz o çıraq, Dan yerinə boylan, dan yerinə bax.

Yerdə zəlzələ var, yerdə vəlvələ, Göylər yaxasını heç vermir ələ. Üzü pis üzləri görməyib hələ, Gəlintək həyalı, qıztək utancaq, Dan yerinə boylan, dan yerinə bax.

Silinsin yaddaşdan hər dedi-qodu, Sönsün hər qəzəbin, hər məkrin odu. Bəlkə də, insanın Allahı odu, O, səni çağırır Günəşdən qabaq, Dan yerinə boylan, dan yerinə bax!

2001, 13 yanvar Altıağac

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.