Daha mənim duyğularım ürəyimə sığışmaz
Hər gözümün giləsindən yüz göz baxar dünyaya, Bir baharı dəyişmərəm min bahara, min yaya, Vurğunluğum, heyranlığım saymaqla gəlməz saya. Nəğmə kimi dalğa-dalğa ürəyimə hopar yaz, Daha mənim duyğularım ürəyimə sığışmaz.
Mən özüm də sığışmadım təbiətə, varlığa, Heyran oldum genişliyə, üsyan etdim darlığa. Lal qayalar dilə gəldi, son qoyuldu karlığa, Çay kükrədi, bulaq coşdu, köynəyindən çıxdı saz, Daha mənim duyğularım ürəyimə sığışmaz.
Könlüm deyir: hər ocaqda şadlıq görüm, toy görüm, Gözüm deyir: az baxmışam, bu dünyanı qoy görüm. Bacarırsan həyat adlı bir gözəldən doy görüm, Vaxt amansız, yollar uzun, ömür qısa, azdan az, Daha mənim duyğularım ürəyimə sığışmaz.
Düşüncələr dənizində qol ataram, üzərəm, Axtarışda hər dalğanın zərbəsinə dözərəm, Dərinlərdə inci tapıb söz yurdunu bəzərəm. Bir dərinin hikmətinə qurban olsun yüz dayaz, Daha mənim duyğularım ürəyimə sığışmaz!