Dağlarda tufan qopub
Dağlarda tufan qopub, Yıxıb divarları, uçurub damları, Keçirib ocaqları, söndürüb şamları. Qorxudub, təntidib adamları, Bütün işıqlar sönüb. Göylərin hikkəsindən Qaya parça-parça, Daş tikə-tikə, Torpaq şırım-şırım olub. Sürüyüb belədən-belə Sellər ağacları alıb sırtına. Minillik palıdı yıxıb, dəli bir fırtına. Ağaclar daşlara sürtünə-sürtünə ilan kimi qabıq qoyub. Şimşəklər qayaların alnında İz açıb, çapıq qoyub. Dağlarda tufan qopub, Düzlərin nə vecinə – Dağı yox yıxıla, Qayası yox sökülə. Yarğanı yox uça, tökülə, Dərəsi yox oyula, Zirvəsi yox döyülə!
2009, 20 iyun