Dağlar qonaqlıq verir
Qonaq gəlib dağlara, sazlı-sözlü, qələmli, Sevincindən kövrəlib baxır gözləri nəmli. Yenə də bulaq başı tamaşalı-sənəmli, Şair gəlib dağlara, dağlar qonaqlıq verir.
Yenə qaynar çeşmədən bir gözəl su gətirir, Yenə çoban sürüdən qumral quzu gətirir. Yerdən, göydən, havadan tanrı ruzu gətirir, Şair gəlib dağlara, dağlar qonaqlıq verir.
Cığır tutub əlindən yüksəklərə qaldırır, Qaya dirsəklən deyir, çəmən xalı saldırır. Sellər, sular dil açıb saz havası çaldırır, Şair gəlib dağlara, dağlar qonaqlıq verir.
Gah açılır, nur yağır, gah tutulur, çən gəlir, Duyğumuz, düşüncəmiz zirvələrə tən gəlir. Üzündə gül haləsi neçə gülbədən gəlir, Şair gəlib dağlara, dağlar qonaqlıq verir.
Baxır göyün rənginə, baxır qarın ağına, İnsan burda qovuşur ömrün zirvə çağına. Ürəyini süfrətək açıb öz qonağına, Şair gəlib dağlara, dağlar qonaqlıq verir.
Qaya, mamır, daş-kəsək, yağış, bulud, çən, çisək, Nurlu gün, təmiz hava, yumşaq meh, sərin külək. Havalanıb coşanda sinəyə sığmır ürək, Şair gəlib dağlara, dağlar qonaqlıq verir.