Dağlar
Bir ay yarım nobahardan keçəndə, Car olur köysündən sellərin, dağlar! Çalxanır dəryalar, çığrışır qazlar, Zəmzəm zümzüməli göllərin, dağlar!
Hanı mən gördüyüm qurğu-büsatlar?! Dərdməndlər görsə, tez bağrı çatlar; Mələşmir sürülər, kişnəmir atlar, Niyə pərişandı halların, dağlar?
Hanı bu yaylaqda yaylayan ellər?! Görəndə gözümdən car oldu sellər… Seyr etmir köysündə türfə gözəllər, Sancılmır buxağa güllərin, dağlar!
Hanı mərd iyidlər, boş qalıb yurdu?! Səxavətdə Eldar nurəlanurdu; Erkək kəsib, ağır məclis qururdu, Şülən çəkilirdi malların, dağlar!
Gözəllər çeşməndən götürmür abı, Dad verə dəhanda Kövsər şərabı. Xaçpərəstlə düşdü bund inqilabı, Onunçün bağlandı yolların, dağlar!
Sarı Nərdən* top-tüfəngin atılı, Qısır Murğuz** Şah dağına çatılı.
Bir əmliyin bir tümənə satılı, Necoldu dövlətin, malların, dağlar?!
Kəpəz, Murov, Qonur*- gör neçə dağ var… Üstünə nur yağsın, ay dəli Qoşqar! Yayın ortasında yağdırırsan qar, Səf çəkib üstündə sərdarın, dağlar!
Elə ki, çən gəldi, qaraltdı qaşı, Dumana qərq olur dağların başı. Düşəndə gürg ilə kəlbin savaşı, Uzun çəkir qilü-qalların, dağlar!
Halıyam Eldarın var cümləsindən; Gecə yatmır bir-birinin bəhsindən, İyid nərəsindən, güllə səsindən, Dəyməmiş tökülür kalların, dağlar!
Həsənnənə, Həsənbaba** qoşadı, Xaşbulaq yaylağı xoş tamaşadı. Arsız aşıq elsiz niyə yaşadı?! Ölsün Ələsgər tək qulların, dağlar!