Əsas məzmuna keç

Qoşma

Dağıtsın

Aşıq Ələsgər

1

O cəllad qaşların qəhri, zəhməti Qəsd elər cismindən canı dağıtsın. Gözün talan salıb Azərbaycana, Dilin istər Alosmanı dağıtsın.

Şahmar zülflü, mina gərdən, mötədil, Zəbərcət kəlməli, misali-bülbül. Allahı sevərsən, bircə danış, gül, Dərdi, qəmi, bu sevdanı dağıtsın.

Uruhum, cismanım, nəbzim, həyatım, Zinətim, zivərim, adım, isbatım, Lisanından gəlməyəndə baratım, Naləm istər bu dünyanı dağıtsın.

Yazıq Ələsgər deyər, ay qaşı kaman, Belə mürvət olmaz, aman, əlaman!.. Hər kim dostdan dosta qandırsa yaman, Tufanasın kərəm kanı dağıtsın.

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.