Əsas məzmuna keç

Heca şeiri

Dağın dərdi

Zəlimxan Yaqub

1

Bu dağın dərdini daşımaq olmaz, Yox, belə dağ ömrü yaşamaq olmaz! Yıxıldı qayası, öldü qartalı, Düzəldib yerini şum eylədilər. Saldı ucalığı fələk gözündən, Daşını keçirib ələk gözündən Çınqıl eylədilər, qum eylədilər. Ayılıb gördük ki, uçub dağımız, Giley-güzarımız çatmadı göyə Yerdən üzüldü əl-ayağımız! Dağı dağlığından endirmək üçün, Gözünün odunu söndürmək üçün, Bircə işarəyə him eylədilər!

Bu dağın dərdini daşımaq olmaz, Doğrana-doğrana yaşamaq olmaz! Cığırı bağlanır, yolu kəsilir, Ətəyi doğranır, əli kəsilir, Sözlü bulaqların sözü-söhbəti, Dilli şəlalənin dili kəsilir. Mən belə bilməzdim dağ dözümünü, Qaya nəzilərmiş, daş incələrmiş! Onun da ömrünü kəsən, gödəldən, Qayğılar, talelər, düşüncələrmiş! Üç günlük, beş günlük, on günlük deyil, Yaranıb əzəli, əbədi dağlar. Heç kəsin çiynində ağır yük deyil, Heyranlıq, ucalıq məbədi dağlar. Ocaq istəyərsən, od əsirgəməz, İstə alovunu, um ocağını. Səndən bir məhəbbət, hörmət gözləyər, Kəsmə bu dağların umacağını. Ətəkdən zirvəyə, ayaqdan başa, Səngərdi, qaladı, Vətəndi dağlar.

Hamının qəlbində qalxan, ucalan, Hamının qəlbində bitəndi dağlar. Sinəsi beşikdi gözəlliklərə, Bu gülü, bu şalı, bu tirməsidir. Dövranın ilindən, ayından keçib, Yazından, qışından, yayından keçib, Ağsaçlı zamanın yetirməsidir! Saymaq, sadalamaq yerinə düşməz, Mən daha saymıram nələr, nələrdi. Bu dağlar torpağın başucalığı, Bu dağlar tarixi abidələrdi! Kökünü torpağa atandan bəri, Eşqiylə çırpınır nə qədər ürək. Qorusaq tarixi abidələri, Birinci dağları qorumaq gərək!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.