Əsas məzmuna keç

Gəraylı

Dağdan enib gələn oğlan

Zəlimxan Yaqub

1

Eşqin sulardan durudu, Nurun peyğəmbər nurudu, Qürurun dağ qürurudu, Dağdan enib gələn oğlan.

Unudulub ağrın, acın, Sal qayalar taxtın, tacın. Daş qardaşın, çiçək bacın, Dağdan enib gələn oğlan.

Həmi zilsən, həmi pəssən, Coşan nəğmə, daşan səssən. Dağlar qədər yenilməzsən, Dağdan enib gələn oğlan.

Qartal qıylı, tərlan səsli, Yer havalı, yurd nəfəsli, Təbiətin bahar fəsli, Dağdan enib gələn oğlan.

Dolçası lilpardan olan, Ağ papağı qardan olan, Söz-söhbəti yardan olan Dağdan enib gələn oğlan.

Sür ömrünü bu torpaqla, Yüzü aşır, mini haqla. Ucalığı uca saxla, Dağdan enib gələn oğlan.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.