Dadaloğluna
Yerindən oynadı Oğuz elləri, Qismətim köç oldu, ay Dadaloğlu. Barxanam dağıldı, barım talandı, Yurd-yuvam heç oldu, ay Dadaloğlu.
Cığırlar qızardı, izlər qanadı, Qanlı yoxuşlarda dizlər qanadı. Dırnaqlar qanatdı, üzlər qanadı, Yolunan saç oldu, ay Dadaloğlu.
Çar qılınc oynatdı, fərman verdi şah, Gülmədi üzlərə açılan sabah. Nə səndə təqsir var, nə məndə günah, Şeytanda suç oldu, ay Dadaloğlu.
Çağırsam Tanrı da gəlməz karıma, Allah da inanmır beh-bazarıma. Heyif ümidimə, arzularıma, Hamısı puç oldu, ay Dadaloğlu.
Qıpçaq kişiləri, Oğuz bəyləri, Ağüzlü tarixin ağüz bəyləri, İndiki kişilər kağız bəyləri, Son sözü “qaç” oldu, ay Dadaloğlu.
Yaranı vurdular yaranın üstə, Yeriş eylədilər Turanın üstə. Başım nələr çəkdi Quranın üstə, Qənimim xaç oldu, ay Dadaloğlu.
2004, 27 avqust