Əsas məzmuna keç

Heca şeiri

Çöllər bəxtəvər olub

Zəlimxan Yaqub

1

Yarımçıq nə verirsə, Allah verməsin mənə, Verdiyi hər nə varsa, versin könül dolusu. Çiçəyin ətri basıb, çöllər bəxtəvər olub, Şehə bax, dodaqlanıb, sayrışır gül dolusu.

Duruluq nəğməsini damarda qan oxuyur, Yerlə göy bir-birinə can deyib, can oxuyur. Gözəllik yerə sığmır, göyə meydan oxuyur, Zirvələr qar dolusu, ətəklər tül dolusu.

Dünyanın qaydasıdı lap elə dib-dəhnədən, Təzə dünya doğulur hər qədimdən, köhnədən. Heç kəsin qismətini, Tanrım, kəsmə təhnədən, Qoy olsun təhnə çörək, zəmi sünbül dolusu.

2005, 13 fevral

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.