Əsas məzmuna keç

Qoşma

Çölə düşən söz

Zəlimxan Yaqub

1

Ürəkdən gəlməyən ürəyə yatmaz, Dildən duru çıxar dilə düşən söz. Çıxıb Xançobanın odlu dilindən, Saranı çağırır selə düşən söz.

İtmir yer-yataqlı, məkanlı sözlər, Batmır xəzinəli, dükanlı sözlər, Keşişdən dərs alıb tikanlı sözlər, Kərəmə bənzəyir külə düşən söz.

Bəxtə bar yazılıb, bəhrə yazılıb, Tahir qismətinə Zöhrə yazılıb, Məcnunun eşqinə səhra yazılıb, Leylini axtarır çölə düşən söz.

Söz var boğazındı, söz var qanındı, Söz var nəfəsindi, söz var canındı, Sazda dil açırsa, Zəlimxanındı, Məndən mayalanıb telə düşən söz.

Yalta, 2010, 11 iyun

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.