Əsas məzmuna keç

Heca şeiri

Çıxış edir Xəlil Rza

Zəlimxan Yaqub

2
Şəhid oğulun yasında şair atanın çıxışı Xəlil Rzanı sağlığında ölməz elədi. Qanla yazılan Azərbaycan tarixinin bir parçasına çevirdi.

Əyilməzlik Ulutürkün əslindədi, soyundadı, Palıd kimi qamətində, çinar kimi boyundadı. Elə bil ki, öz oğlunun yasında yox, toyundadı, Azadlığın, istiqlalın tarixini yaza-yaza, Çıxış edir Xəlil Rza!

Oğlun ölə, sən kədərin ayağına enməyəsən, Çırağını söndürələr, sən yenə də sönməyəsən, İlqarından, imanından, məsləkindən dönməyəsən. Bu qüdrətə qıyanlara Allah özü versin cəza, Çıxış edir Xəlil Rza!

O ağlamır, əvəzində yer ağlayır, göy ağlayır, Saz dil deyir, tar oxuyur, kaman yanır, ney ağlayır. Bu gün ona qulaq asan nə varsa, hər şey ağlayır, Ürəyindən, baxışından qızıl qanlar sıza-sıza, Çıxış edir Xəlil Rza!

Təbriz təkcə onun deyil, bu millətin balasıdır, O, tarixin yaddaşında şəhid kimi qalasıdır. Dünya boyda ata qəlbi dözüm, səbir qalasıdır, Dinlədikcə düşünürəm, gərək deyil cəza-fəza, Çıxış edir Xəlil Rza!

Dedim, bu gün səsi çıxmaz, gördüm daha gurdu Xəlil, Şəhidlərin başı üstə şölələnən nurdu Xəlil. Bəlkə elə İsrafilin özü çalan surdu Xəlil, Silkələyir yer üzünü qopan tufan, gələn qəza, Çıxış edir Xəlil Rza!

Bir şairin əqidəsi bir millətə çələng olur, Böyüdükcə gözümüzdə nəhənglərdən nəhəng olur. Nifrət ilə, qəzəb ilə doldurulmuş tüfəng olur, Gözü kora, qəlbi daşa, beyni kütə, ağlı aza, Çıxış edir Xəlil Rza!

Qollarında el gücü var, xəyanəti boğmaq üçün, Himə bənddi düşmən üstə atəş olub yağmaq üçün. Günəş kimi baş-başadır dan yerindən doğmaq üçün, Ocaq kimi yana-yana, dəmir kimi qıza-qıza, Çıxış edir Xəlil Rza!

Təpəsindən çıxan tüstü burum-burum qalxır göyə, Həmi yanır, həm yandırır Azərbaycan deyə-deyə. Qara dağlar yıxılsa da, çətin şair boyun əyə, Köləliyin, xəyanətin məzarını qaza-qaza, Çıxış edir Xəlil Rza!

Əyri düzü, pis yaxşını, nahaq haqqı yıxa bilməz, Şər xeyiri sona kimi sıxışdırıb sıxa bilməz. Əqidəsi olan kəsin axırına çıxa bilməz, Heç bir zindan, heç bir məhbəs, heç bir ölüm, heç bir qəza, Çıxış edir Xəlil Rza!

Şəhid oğul, şair ata, hər ikisi zərif, həssas, Toyu dünən eləmişdik, nə tez düşdü, tez gəldi yas. Ana torpaq, şəhidini sevgilərlə bağrına bas, Yenə üzü baharadı, yenə yolu qışdan yaza, Çıxış edir Xəlil Rza! Qoy dinləsin qoca dünya, Çıxış edir Xəlil Rza! Qoy inləsin qoca dünya, Çıxış edir Xəlil Rza!!!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.