Əsas məzmuna keç

Heca şeiri

Çıraqqala

Zəlimxan Yaqub

1
Memar dostum Ömər Qoçuluya

Hər qalanın adında bir zamandan nişan var, Bu qala nur qaladı, bu qala çıraq qala. Tacından Günəş öpər, taxtından yaşıl çəmən, Düşmən üçün göz dağı, dost üçün yaraq qala!

Durar öz səngərində bərəni, bəndi gözlər, Göz olar sərhədimə şəhəri, kəndi gözlər. Sağı doğma Bakını, solu Dərbəndi gözlər, Qoymaz haqqın yerini şər tuta, nahaq ala!

Oduyla, alovuyla açılıb lala kimi, Zaman bağrına basıb istəkli bala kimi. Hər insanın ömründən bu məğrur qala kimi, Tarixlərdə yadigar səs qala, soraq qala!

Əllərinlə sığal çək, əldən od alsın qaya, Ruhlar salama gəlsin, ərənlər çatsın haya. Hər səhər zirvəsindən boylan bütün dünyaya, Hər axşam ətəyində sönməz bir ocaq qala!

Bu ucalıq eşqinə qoy dillənsin ozanım, Mən də coşum, çağlayım, öz vaxtımdı, öz anım. Ey mənim tale adlı kitabımı yazanım, Qoyma bu yer tarixin gözündən iraq qala!

Zaman görər işini, yazı dönər qışına, İlişərsən taleyin kotanına, xışına. Şair, dön bu qalanın kərpicinə, daşına, Bəlkə, qoca dünyada səndən bir varaq qala!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.