Çin qızı, Çin gözəli
Yanağın güldən zərif, Belin telindən incə. Dilin sözündən şirin, Sözün dilindən incə. Göy suların ağ quşu, Qızdan, gəlindən incə. Sən mənim nəzərimdə, Dünyanın ən gözəli! Çin qızı, Çin gözəli!
Dünyanın heç yerində Sənin kimi pəri yox. Həyatın səndən baha, Sərvəti yox, zəri yox. Bu, Allahın işidi, Sənin gözəlliyindən, Bəndənin xəbəri yox. Yaradanın, Tanrının Allaha tən gözəli! Çin qızı, Çin gözəli!
Bu ağlıq ki səndə var, Süd gölündə çimənsən. Bu ətir ki səndə var, Yamyaşıl bir çəmənsən. Bu qiymət ki səndə var, Ləlsən, yaqut, yəmənsən, Süd yox, ana döşündən, Ay işığı əmənsən. Türk gələ, İran gələ, Külli Hindistan gələ Yerini verə bilməz, Dünyanın min gözəli! Çin qızı, Çin gözəli!
Səni ana doğmayıb, Səni ata əkməyib. Buludun arasından, Hazır enmiş mələksən. Heç kəs səni böyüdüb, Zəhmətini çəkməyib. Bir səsə bax, ay Allah, Nəfəsə bax, ay Allah. Qumru belə ötməyib, Kəklik belə səkməyib. Heç yerdə görməmişəm, Belə zərif, belə şux, Bir belə şən gözəli! Çin qızı, Çin gözəli!
Mən indi başa düşdüm, Niyə Nizami babam, Çin yazıb, Çin deyirmiş. Mən indi başa düşdüm, Niyə Füzuli babam, Sevgiyə din deyirmiş! Mən indi başa düşdüm, Nə üçün Molla Pənah, Çinü Maçin deyirmiş! Qar zirvənin şöhrəti, Dağların çən gözəli! Dünən babalar olub, Bu gün heyranın mənəm, Çin qızı, Çin gözəli!
1994, mart Şanxay