Əsas məzmuna keç

Qoşma

Çiçəkli

Zəlimxan Yaqub

1

Hayana boylanıb, hayana baxsan, Yer çiçək, göy çiçək, təbiət çiçək. Çiçəkdən doğular sevən-sevilən, Qız-oğlan çiçəkdi, məhəbbət çiçək.

İstisi, işığı, odu çiçəkdi, Tamı, şirinliyi, dadı çiçəkdi, Burda həqiqətin adı çiçəkdi, Çiçək həqiqətdi, həqiqət çiçək.

Havası çiçəkdi, suyu çiçəkdi, Bayramı çiçəkdi, toyu çiçəkdi. Məst ol, qucağında uyu, çiçəkdi, Təmizlik çiçəkdi, təravət çiçək.

Yatıram, yuxumda çiçək görürəm, Qalxıram, duyğumda çiçək görürəm. Hər tumda, toxumda çiçək görürəm, Nəzakət çiçəkdi, ləyaqət çiçək.

İlahi sevgi var torpağa, yurda, Çöllər cilvələnir işıqda, nurda. Allahın özü də şairdi burda, Söz bir gülüstandı, şeiriyyət çiçək.

2004, 1 oktyabr Cenevrə

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.