Çətindir
Yenə qırğınlardan yazdı qəzetlər, Ağrılar qəlbimdə dindi, nə dindi!.. Gündə bir çaxnaşma, gündə bir xəbər – Bu əsrin övladı olmaq çətindi.
Bölsəm ömrümüzə düşən payını, Sevinci birdirsə, əzabı mindi. Oğulsan, eşitmə hay-harayını, Bu əsrin övladı olmaq çətindi.
Dünyadan ayrılıb yaşamaq olmur, Efir nələr deyir “Günün səsi”ndə. Dünyanın dərdini daşımaq olmur, Qalırsan fikirlər məngənəsində.
Hər gün qan uddurur, hər gün qan udur, Saysız yaralardan bağrı qan əsrim. Bizi qara günlə yaman qorxudur, Bizi ağ günlərə çıxardan əsrim.
Əməllər o qədər yolundan çıxıb, Daha insanlığın sözünə baxmır. Əsrin silahları çox evlər yıxıb, Qıranda birinə, yüzünə baxmır.
“Olum, ya ölüm”dür hökmü, sualı, Orta yolu yoxdur bu gün bəşərin. Hamı bir-birinin işindən hali, Döyüşü sərt gedir xeyirlə şərin.
Qəlbimi üşüdür saçımın qarı, Bilmirəm baharam, yoxsa ki, qışam. His edə bilməsəm bu ağrıları, Elə bilərdim ki, yaranmamışam!
Həyat gözlərimdə açılır, solur, Od tutur qəlbimdən gözümə qədər. Qayğılar çiynimə elə yük olur, Torpağa batıram dizimə qədər!