Əsas məzmuna keç

Qəsidə

Çəmən bəzəndi çiçəklə gəlincə fəsli-bahar

Məhəmməd Füzuli

1

Çəmən bəzəndi çiçəklə gəlincə fəsli-bahar, Xəzan qəmindən ağaclarda qalmadı asar.

Tilismi batil olub şaxtanın, düşüb təxtdən, Gətirdi yoxsa xəzanı yaman gözə ruzgar.

Niqab hazırladı dövran əli qızılgüldən, Nəhan qıldı kədər ol niqabdə rüxsar.

Ağac axar suya tökdü gümüş kimi çiçəyi, Axar su sail, ağac isə oldu sərvətdar.

Hədiqə Misrinə gül Yusifi rəvan oldu, Çəmən təvafinə gəldi bulud qətar-qətar.

Qalırsa güzgüdə pasdan küdurətin əsəri, Cahanda qalmadı qəmdən bir iz, olunca bahar.

Həva gətirdi işə, sehrinin kəmalı ilə, Cahanı zümrüdə qərq eylədi yaşıllıqlar.

Çəkər gül üzlüləri gülşənə könül eşqi Ki, sərv meyl edər sərvə, dilbərə dildar.

Gülün lətafəti ilə bəzəndi səhni-çəmən, Necə ki, ölkəyə ziynət verər böyük sərdar.

Ədalətin gülü, din bağının bahar çiçəyi, Tapar vücudu ilə məmləkət nizamü qərar.

Mühiti-ədli əhatə edən Məhəmməd bəy, Sənin kərəm dənizində nə həd, nə sahil var.

Zəmanə qalib iradəndən istəyir yardım, Yenilməz əzmin olub həlli-müşkülatə açar.

Onun məhəbbəti hər cür bəlayə mane’dir, Səxası hadisəni etdi durmağa vadar.

Onun sədaqəti hər külli, cüz’i havidir, Himayəsində onun xasü amm şən yaşayar.

Günəş kimi bütün afaqı nurə qərq etdin, Vücudun ilə yayıldı yerə, göyə ənvar.

Dirildi mə’rifətinlə şəriət əhkamı, Hücumun ilə sənin öldü zümreyi-əşrar.

Nicat tapdı sənin lütfün ilə hər alim, Müdam qəhrin edib cahili bəlayə düçar.

Həmişə düşməninə feyzi-rahət oldu həram, Sənin yolunla gedənlər olub səadətə yar.

Itaətindən o kəs ki, boyun qaçırdı sənin, Cəza verər ona qəhr ilə xaliqi-qəhhar.

Ədalətindən olar bəhrəmənd o kəslər ki, Xeyirli işlər ilə ədlinə edər iqrar.

Vücudun ölkəyə, ey sərvərim, qənimətdir Ki, adil hakimi lütfi-ilahi saymışlar.

Şəha, yazıq bu Füzulini asitanında Unutma, lütf ilə ol halinə özün qəmxar.

Yanında olmasa da, olsa da o, dostundur, Yaman da, yaxşı da olsa, qulundur, eyləmə xar.

Belə ümid edirəm ki, nə qədr çərxi-fələk, Bu sabit aləmin ətrafına dönüb-dolanar,

Səadətin əbədi olsun asitanında, Üstündən sayəni kəm görməsin Füzuliyi-zar.

* * *

Lüğət: Rüxsar – yanaq S; Hədiqə – bağça; Rəvan – gedən; axan; ruh; Amm – ümum, cümlə, camaat; Afaq – üfüqlər; Ənvar – işıqlı, parlaq; Əhkam – hökmlər; Sərvər – başçı; Xar – çox möhkəm daş, mərmər daşı; Qədr – dəyər, qiymət, məziyyət; Çərxi – çənbəri – dairəvi səma; Kəm – az; Zar – sızıldayan, ağlar, zəif

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.