Çəkirsən
Müxənnət zamana, bimürvət fələk, Şamı sübhə, sübhü şama çəkirsən. Ləhzədə açırsan min cürə kələk, Gah pozursan, gah nizama çəkirsən.
Çox həsrətlər görmür öz kimsəsini, Vaya döndərirsən toy məclisini. Tərəqqi-tənəzzül kəmənçəsini Gah zilləyib, gah da bəmə çəkirsən.
Səksən il qurğuna qaldım tamaşa, Səndə bir etibar görmədim, haşa… Heç kəs dövran sürüb çıxmadı başa, Əkməz kotan kimi xama çəkirsən.
Bərhəm olsun təqdir, pozulsun yazı, Bu qurğuya heç kəs olmaz irazı; Eşşəyə çullayıb əbrü ətlazı, "Köhlən" deyib, şahlıq dama çəkirsən.
Arpadan incikdim, bitmədi gəndüm, Darıynan dareqan heç deyil fəndim. Candan bezdim, öz-özümdən iyrəndim, Axırımı nə həngama çəkirsən!?
Ələsgər qəlbinə saldın işığı, Məclislər zinəti, el yaraşığı. Əzizliklə saxladığın aşığı, Zəlilliklə imtahana çəkirsən.