Əsas məzmuna keç

Heca şeiri

Çəkil öz içinə

Zəlimxan Yaqub

1

Bayırdan, bacadan yığıl, yığşırıl, Çəkil öz içinə, çəkilə bilsən. Havalı ovçular zirvədən enib, Dağın ətəyinə çəkilən kimi, Güllərin ətrindən tutub yükünü, Arı pətəyinə çəkilən kimi, Çəkil öz içinə, çəkilə bilsən.

Palıdın gücünü, mətinliyini, Çinarın boyunu özündə axtar. Böyük insanlığın, ulu köklərin Əslini, soyunu özündə axtar. İsgəndər atlanan tərəfdə deyil, Dirilik suyunu özündə axtar, Çəkil öz içinə, çəkilə bilsən.

Eşqin arxasınca düşmə çöllərə, Qüdrətin içində, eşqin içində. Dəli dalğalara həsəd aparma, Qasırğa içində, daşqın içində. Böyük mübarizən, böyük savaşın, Döyüşün içində, məşqin içində. Nizami içində, Puşkin içində, Çəkil öz içinə, çəkilə bilsən. Ordadı zəmi də, tarla da, çöl də, Əkinə, biçinə çəkilə bilsən. Əkinçi, səpinçi, biçinçi qardaş, Çəkil öz içinə, çəkilə bilsən.

Ceyranı vururlar, tökülür qanı, Tökülən qan görür, təbiət küsür. Haqqı tapdalanan, gözü qırılan, Susan insan görür, təbiət küsür. Baltalar vurulur eşqə, sevgiyə, Sevgi boyun bükür, məhəbbət küsür. Nə inci, nə incit, nə küs, nə küsdür, Nə öldür, nə utan, nə sus, nə susdur, Nə varsa, hər şeyi özündə axtar, Çəkil öz içinə, çəkilə bilsən.

İbrahim səndədi, İsa səndədi, Məhəmməd səndədi, Musa səndədi. Bir anda əsaya çevrilən ilan, İlana çevrilən əsa səndədi. Ovsun da, tilsim də, sirr də, sehr də, Yazı da, fərman da, söz də, möhür də, Çətin sualların “niyə”ləri də, “İncil”in, “Quran”ın ayələri də Səndədi, səndədi, nəsə səndədi, Çəkil öz içinə, çəkilə bilsən.

Sonsuz ağrıların, böyük dərdlərin, Bəlkə, əlacını sən tapacaqsan? Haramın əlindən alıb dünyanı, Halal bir varlığa çevirmək üçün, Bəlkə də təzə bir buğda kəşf edib, Bəlkə də təzə bir dən tapacaqsan? Buğda söhbətindən Adəm inciməz, Habilsiz, Qabilsiz, qansız-qadasız, Bəlkə də təzə bir yön tapacaqsan? Dilləri, dinləri barışdırmağa, Bütün qəzəbləri, çaxnaşmaları, Barışmaz kinləri barışdırmağa Adəmdən yuxarı, Həvvadan uca, Bəlkə də təzə bir din tapacaqsan? – Çəkil öz içinə, çəkilə bilsən, Çəkil öz içinə, çəkilə bilsən.

2005, 24 iyul

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.