Əsas məzmuna keç

Qəsidə

Çəkər birəhmlər yanında hər saət zəban xəncər

Məhəmməd Füzuli

1

Çəkər birəhmlər yanında hər saət zəban xəncər, Günahım sabit eylər, ölməyim xatirnişan xəncər.

Zülali-vəslinə ləbtəşnəyəm bir türki-bədxuyin Kim, ondan qətreyi-ab istəsəm dartar rəvan xəncər.

Verir pərvanə öz canın sənə çün ixtiyar ilə, Nə hacət şö’lədən, ey şəm’, çəkmək hər zaman xəncər?

Həzər qıl, gəzmə çox pərvasız, ey bülbül ki, qətlinçün Tikəndən daməni altında qılmış gül nihan xəncər.

Müjən qanım töküb, qəmzən alır canım, əcəb sanma, Işidir töksə qan ox, adətidir alsa can xəncər.

Qaşınla gözlərindir hər tərəf, ya bir niza’ üzrə Çəkibdir bir-birinə iki sərxoş türkman xəncər?

Xəyali-qəmzən ilə bəs ki, rahət getdi cismimdən, Sanasan pəhluyi-çakimdədir hər üstüxan xəncər.

Ilətsəm xəncərin şövqini qəbrə, hər bahar olğac, Olur səbzə yerinə xaki-qəbrimdən əyan xəncər.

Qucar zərrin kəmərlə belini, vəh bu nə tale’dir Ki, altun qüvvətilə böylə olmuş kamiran xəncər.

Xəyali gözdədir, kirpiklərin dəprətmə, ey mərdüm, Ədəb şərti degil mehmanə çəkmək mizban xəncər.

Göz açıb busitanə xətti-səbzinsiz nəzər qılsam, Görünür gözlərimə səbzeyi-hər busitan xəncər.

Dəhanın yox demişlər, söylə bu göftar qandandır, Belin peyda degil, de qanda dutmuşdur məkan xəncər?

Məhali-əqldir kim, ola müjganın kimi xuni, Əgər ustad əlindən su yerinə içsə qan xəncər.

Rüxi-zərdim salıbdır xəncərin güzgusinə əksin, Və ya simin əlində tutduğundur zərnişan xəncər.

Zəbani-tiz ilə ortayə girmiş müttəsil guya, Olam der madihi-Peyğəmbəri-axirzəman xəncər.

Şəhənşahi ki, tiği-abdari zahir olduqda, Əlindən saldı Xosrov nizəvü Nuşirəvan xəncər.

Yəməndən baş çəkəndə məhçeyi-rayati-iqbali, Buraxdı tirə torpağə şəhi-Hindustan xəncər.

Səfarayi-məsafi-Bədrdir izhari-mö’cizdə, Şikafi-pərniyani-bədr üçün qılmış nişan xəncər.

Əduyi-cahinin qət’i-həyatiçün çəkər hər ay, Qilafi-lacivərdidən hilali-asiman xəncər.

Səhər feyzi ki, düntək tirə qılmazdı dili-safın, Günəştək qəsdinə çəksəydi min namehriban xəncər.

Səxi təb’i ki, rüxsarə sipərtək çin buraxmazdı, Əgər qəsdinə çəksəydi qamu əhli-zəman xəncər.

Olurdu dideyi-bədbinə izhari-nübüvvətdə, Onun göndərdiyi hər nameyi-mö’cüzbəyan xəncər.

Ğəzalərdə duayi-cövşənində çarə qılmazdı, Özün hər necə qılsa təcrübə tir, imtəhan xəncər.

Əya şahi ki, baxsan xəncəri-şər’in nizamiçün, Çəkibdir min şahənşəh tiğü min sahibqiran xəncər.

Əgər qamusi-şər’in olmasaydı xəlqə müstövli, Nə bir pürdil çəkərdi tiğü nə bir pəhlivan xəncər.

Nəqizi-hökmünün qət’i-fəsadiçün əliflərdən, Kəlamüllah bihəd tiğ çəkmiş, bikəran xəncər.

Münafiq edə bilməz şər’inə mədxəl ki, çevrəndə Məlaik pərrü balın görsə, div eylər güman xəncər.

Bihəmdillah ki, hala dideyi-bədxahə nə’tində Füzuli nəzminin hər sətridir bir cansitan xəncər.

Zəbani-xaməsi isbati-e’cazında küffarə, Gəhi dilduz navək göstərir, gəh xunfəşan xəncər.

Şəfiül-müznibina, məhşər əyyami ki, duzəxdən, Çəkər hər ləhzə mücrim qəsdinə bir biəman xəncər.

Budur ümmid kim, məhfuz olam hisni-pənahində, Qilaf içrə nəçük kim, saxlanır, görməz ziyan xəncər.

* * *

Lüğət: Zəban – dil; Zülal – saf, duru; Rəvan – gedən; axan; ruh; Pərva – qorxu, kömək; Damən – ətək; Müjə – kirpik; Qanı – hanı; Can – ruh, bədən; Üstüxan – sümük; Xaki – tirə – qara torpaq; Zərrin – qızıla tutulmuş şey, qızıl rəngli; Mərdüm – insanlar, göz bəbəyi; Mizban – ev sahibi; Dəhan – ağız; Peyda – zahir, aşkar olmaq; Qanda – harada; Xuni – qanlı, qan tökən; Rüxi – zərd – sarı üz; Tiz – cəld, iti; Xosrov – padşah, hökmdar; Tirə – qaranlıq; Məsaf – müharibə; Bədr – on dörd gecəlik ay. Məhəmmədin müharibələrindən birinin adı; Hilal – yeni çıxmış ay; Dili – tirə – qaranlıq könül, tutqun könül; Namehriban – məhəbbətsiz, vəfasız; Təb – qızdırma; Çin – qıvrım; toplayan; doğru; Əhli – raz – sirr əhli, sirdaş; Nübüvvət – peyğəmbərlik; Tir – ox; Pürdil – ürəkli; Tiğ – qılınc; Münafiq – ikiüzlü, nifaq salan; Xamə – qamış, qələm; Navək – ox, kirpik mənasında işlənilir; Şəfiül – müznibin – günahkarları bağışladan, Məhəmmədə işarədir; Hisni – pənahində – pənah qalasında

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.