Çəkər
Uyumaq istədim, gəlmədi yuxum, Yatmağım xoruzun banına çəkər. Axşamdan getdisə, gəlməz rahatlıq, Vaxtın səhərinə, danına çəkər.
Yuxu məndən qaçar bir nazlı qıztək, Solar duyğularım solğun payıztək. Bu qara gecələr qara kağıztək, Məni qətrə-qətrə canına çəkər.
Döndərər dövrü də, çarxı da ölüm, Ölümdə qorxu var, qorxuda ölüm. Hər dəfə gələndə yuxuda ölüm, Ruhumu bir qəbrin yanına çəkər.
2001, 23 sentyabr