Əsas məzmuna keç

Qoşma

Çəkə-çəkə

Zəlimxan Yaqub

1

Şəvə saçımızı qara döndərir, İllər başımıza əl çəkə-çəkə. Nurlu baxışları salır nəzərdən, Tale gözümüzə mil çəkə-çəkə.

Bəxtimiz qalxanda şölə saçmışıq, Bəxtimiz yatanda gözdən qaçmışıq. Nə qədər nadana ağız açmışıq, Boğaz çəkə-çəkə, dil çəkə-çəkə.

Düşdü yoxsulları borca dünyanın, Alçağı çox oldu uca dünyanın. Qocalıb gedirik, qoca dünyanın Dərdini, qəmini bol çəkə-çəkə.

Timsahlar gözünün yaşını sıxdı, Yalanlar dünyanın sonuna çıxdı. Satqınlar bu xalqın evini yıxdı, Saxta kağızlara qol çəkə-çəkə.

Dağ da möhtac olur, düz də yollara, Cığır da can atır, iz də yollara. Yollar bizə baxır, biz də yollara, Qalırıq gözləri yol çəkə-çəkə.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.