Çatasıyam
Ulduz olub uzaqlarda dayanma, Mənə gəlsin gözlərinin qadası. Yanmalıdır eşqimizin ocağı, Bir od vurub çatasıyam, çatası.
Hey düşürəm arzuların dalına, Əl ataram dəymişinə, kalına. İnam adlı bir köhlənin yalına, Yatasıyam, yatasıyam, yatası.
Üzmədiyim ümman qədər dərinsən, Çatmadığım arzu qədər şirinsən. Üz döndərib dumanlara bürünsən, Elə bilmə batasıyam, batası.
Xan Kərəmi yada sala, andıra, Həsrət məni buğum-buğum yandıra. Birdəfəlik bu ayrılıq andıra, Öz əlimi qatasıyam, qatası.
Əllərimi dağ doğraya, daş kəsə, Taqətimi gözdən axan yaş kəsə. Aylar-illər pambıq ilə baş kəsə, Yenə sənə çatasıyam, çatası.