Çaşqınlıq
İnsan çaşanda bilmir nə danışsın, neyləsin, Sevincəmi gəl desin, ağrıyamı, ahamı? Şirin bir xoşbəxtliyi tapıb yaşamaq üçün Dar komamı yaxşıdı, gen saraymı, kahamı?
Göz nurdan, üz işıqdan, diz heydən ayrılanda, Hamıdan üz çevirib, hər şeydən ayrılanda, Ayaq yerdən üzülüb, əl göydən ayrılanda, Nəfsəmi qurban etsin ömrünü, tamahamı?
İnsan çaşır, İlahi heç kəsi çaşdırmasın, Heç kəsin yaxasını şeytan əli cırmasın. Neyləsin ki, qəlbini yağan daşlar qırmasın, Millətəmi güvənsin, fərman verən şahamı?
Qapı şübhə qapısı, kim açmaya, kim aça, Tərəddüdlər əlindən oğul istərəm qaça. Qalıb yolayrıcında, yol haça, ümid haça, Şeytanamı əl açsın, tək olan Allahamı?
2003, 19 noyabr