Çarmıx görən təkcə İsa deyil ki...
Çarmıx görən təkcə İsa deyil ki, Biri deyil, yüzü dara çəkiblər. Astar gedib daldalarda gizlənib, Nur qaynağı üzü dara çəkiblər.
Həqiqətə “ayaq açma, dur” deyib, Xəyanətə “hər fəndini qur” deyib, “Gördüyünü görməzliyə vur” deyib, Görən kimi gözü dara çəkiblər.
Nağaraçı dəf götürüb, dəflənib, Xain olan Haqqı görüb, xəflənib, “Ənəlhəqq”in tufanından xoflanıb, Fitva verib, sözü dara çəkiblər.
Göylər baxar, yer üzünü seyr eylər, Doğru Haqqı, şər şeytanı seyr eylər, Hər əyriyə uyğun gələr əyrilər, Əyilməyən düzü dara çəkiblər.
Min dərdi var aclığın da, acın da, Qovrulmuşuq qəmin qızmar sacında. Allah qalıb öz taxtında, tacında, Zaman-zaman bizi dara çəkiblər.
2003, 1 iyun