Əsas məzmuna keç

Heca şeiri

Çamlıca

Zəlimxan Yaqub

2

İstanbula baxırsansa, Çamlıcadan bax, Qoy görünən gözəlliyin taxtı görünsün. Ən istəkli nəğməsini oxusun dodaq, Qoy tarixin ən işıqlı vaxtı görünsün.

İstanbula baxırsansa, Çamlıcadan bax, Baxışında bu şəhərin baxışı qalsın. Ürəyində Günəş boyda yansın çilçıraq, Yaddaşında sarayların naxışı qalsın.

İstanbula baxırsansa, Çamlıcadan bax, Qəlbin dəniz laylasına qoy qulaq assın. Fatehlərə, sultanlara açılan qucaq, Bir gecəlik qoy səni də bağrına bassın.

İstanbula baxırsansa, Çamlıcadan bax, Türkiyənin göz bəbəyi gözdə nur olsun. Elə bax ki, sinən altda alışsın ocaq, Doğma səslər qaynağında səsin gur olsun.

İstanbula baxırsansa, Çamlıcadan bax, Yoxuş çıxıb, yol yerisən zəhmətə baxma. Az da olsa ucalığa qonaq ol, qonaq, Bu bir Tanrı fürsətidir, əldən buraxma!

İstanbula baxırsansa, Çamlıcadan bax, Heyran qalıb hər baxışa uyursan onda. Nə deməkdi kişilərin qoyduğu papaq, Türkün gücü nə deməkdi, duyursan onda!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.