Çalma “Müxəmməs”i, tezdi, ay aşıq
Ey külək, dağıdıb salma didərgin, Qoy duman yaşasın, duman ömrünü. Sünbülün öz ömrü, dənin öz ömrü, Saman da yaşasın saman ömrünü.
Tufanlar ovcunda sıxma dağları, Atəşə yandırıb yaxma dağları. Ey qəfil zəlzələ, yıxma dağları, Dağlardı yaşadan insan ömrünü.
Qoyma gül bağçalar bəhərsiz qala, Qoyma axşamları səhərsiz qala. Qoyma at igidsiz, yəhərsiz qala, Köhlənə bağışla meydan ömrünü.
Ağrı ürəyimi əzdi, ay aşıq, Fikrim haraları gəzdi, ay aşıq. Çalma “Müxəmməs”i, tezdi, ay aşıq, Qoy şair yaşasın dastan ömrünü.
Güləm, çəmənimə qaytarın məni, Ruham, bədənimə qaytarın məni. Doğma vətənimə qaytarın məni, Zəlimxan görməsin hicran ömrünü.
2008, 11 mart